Bakıda kriminal avtoritet “Mayıl Naxçıvanski”ni öldürən şəxs həbs edildi
Bakıda iki həftə əvvəl törədilən qətlin üstü açılıb.
Suraxanı rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, iyulun 2-də saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, hadisə zamanı öldürülən Mail Mustafayev kriminal avtoritet olub. O, kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb.