Bakıda küçələrdə gecələyən uşaqlar: Ürək dağlayan görüntülər – APA TV

Dünən sosial şəbəkələrdə Bakıda, Səməd Vurğun küçəsində kağız parçalarının üzərində yatan iki yeniyetmənin videogörüntüsü yayıldı. “Bu uşaqlar niyə valideyn himayəsində, evlərində deyil, küçədə gecələyirlər” sualına aydınlıq gətirmək üçün "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxladıq. O bildirdi ki, Roman qrupuna aid qaraçılardan olan bu uşaqlar Yevlax sakinləridir və dilənçiliklə məşğuldurlar: “Bu uşaqları biz tanıyırıq, dəfələrlə görmüşük. Onlar Roman qrupundan olan Yevlax sakinləridir, qaraçı kimi formalaşan qrupdandırlar. Uşaqların hər ikisi ilə bağlı Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəsimi rayon polisi dərhal yerində araşdırma aparıblar”.

Kəmalə Ağazadə bildirdi ki, küçədə gecələyən həmən yeniyetmələrin zərərli vərdişləri var. Uşağın anası rəsmi olaraq qəyyumluqdan imtina etməsə də, yeniyetmələrə nəzarət etmir. Ananın qəyyumluğunun məhdudlaşdırılması üçün məhkəmə qərarı verildikdən sonra yeniyetmələr sığınacağa yerləşdiriləcək: “Bunlar zərərli vərdişləri olan uşaqlardır. Neçə vaxtdır bu belə davam edir. Anası bu uşaqlardan rəsmi olaraq imtina etmir, uşaqlar mənimdir deyir. Bu gün bu uşaqların qəyyumu həm də dövlətdir. Bu səbəbdən uşaqların üzərində ananın qəyyumluğunun məhdudlaşdırılması üçün məhkəmə qərarı olduqdan, valideyn hüquqları məhdudlaşdırıldıqdan sonra sığınacağa yerləşdiriləcəklər”.

DİN-dən isə bildirildi ki, uşaqlar hələ axtarışdadır. Onların tapılması üçün müvafiq araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv