Bakıda külli miqdarda narkotik vasitənin satışının qarşısı alındı

Ölkə ərazisinə 10 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitənin gətirilərək realizə olunmasının qarşısı alınıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Sabunçu rayonu Maştağa qəsəbə sakinləri, Elşad Nəbiyev və Müşfiq Xalıqov saxlanılıb. Şəxsi axtarış aparılan zaman Müşfiq Xalıqovdan 1 kiloqram 25 qram heroin, 500.171 qram metamfetamin, Elşad Nəbiyevdən isə 50.375 qram heroin aşkar olunub.

 

Elşad Nəbiyevin evindən isə 1 kiloqram 80 qram metamfetamin, 5 kiloqram 10 qram qurudulmuş marixuana və 3 kiloqram 75 qram heroin götürülüb.

 

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər hələlik adı istintaqa məlum olmayan “Şəhram” adlı İran vətəndaşının tapşırığı ilə ölkə ərazisinə qanunsuz yollarla keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni paytaxtda qəbul ediblər və yaşadıqları evdə gizlədiblər. Onlar  narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Xəzər rayonu, Şüvəlan qəsəbəsində həyata keçirdikləri əməliyyat nəticəsində isə narkotik yetişdirən qəsəbə sakini Baloğlan Babayev saxlanılıb. Onun həyətindən 64 kiloqram 269 qram çəkidə çətənə kolu, 81.781 qram qurudulmuş marixuana və 45 qram çətənə bitkisinin toxumu aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv