Bakıda maska taxmayan vətəndaşlar cərimə edildi – POLİS REYDİ
Bakıda xüsusi karantin rejimi müddətində maskadan istifadə etməyən vətəndaşlara polis tərəfindən reyd keçirilib.
APA TV xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi, Xətai Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində vətəndaşlarla profilaktik söhbətlər aparıblar.
Xətai RPİ-nin əməkdaşı Ruslan Həsənovun sözlərinə görə, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslər barədə protokol tərtib edilib: “Pandemiya dövrü ilə əlaqədar olaraq vətəndaşlarımızdan tibbi maskalardan istifadə etmələrini xahiş edirik. İlkin olaraq tibbi maskadan istifadə etməklə bağlı vətəndaşlarla profilaktik söhbətlər aparılır. Daha sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində 50 manat inzibati cərimə nəzərdə tutulur. Vətəndaşlardan xahiş edirik ki, tibbi maskalardan istifadə etsinlər”.
Avtobus, market və geyim mağazalarında aparılan reydlər zamanı tibbi maskadan istifadə etməyən vətəndaşlar polis əməkdaşları tərəfindən təlimatlandırılır, maska taxmaları tələb edilib.
Qanuni tələblərə əməl etməyən vətəndaşlar, eləcə də mağaza müdirləri polis əməkdaşları tərəfindən cərimələniblər.
Maska taxmayan vətəndaşlar isə əməllərinə müxtəlif səbəblərlə aydınlıq gətirmək istəyiblər:
- Boğuluram, maskadan istifadə edə bilmirəm.
- Unutmuşam. İstifadə edəcəm.
- Maskam var, ancaq, istifadəyə yararlı deyil.
Qanunun tələblərini pozanlar barəsində protokol tərtib edilib.
Polis vətəndaşları bir daha xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır.
İsa İsmayılov
Əli Ələkbər
APA TV