Bakıda məcburi köçkün qadınlara həsr olunan beynəlxalq konfrans keçirilib
Bakıda “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA TV-nin məlumatına görə, konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, (BMTM) Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Çıxış edən BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev konfransın BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qadın, sülh və təhlükəsizlik məsələlərinə dair qəbul etdiyi 1325 saylı qətnaməsinin 20-ci ildönümünə həsr olunduğunu bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qadınların tariximizdə, cəmiyyətdə sülh, təhlükəsizlik və siyasət mövzusunda daim mühüm rol oynadığını bildirib: “Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılan zaman qadınlara səsvermə hüququ verilib. Bu da Azərbaycan xalqının zəngin mədəniyyətinin, qadınlara hörmətinin və bu sahədə qadın hüquqlarının təşviqi istiqamətində olan əzminin bariz nümunəsi olub. Son dövrlərdə beynəlxalq münasibətlərdə qadınların sülh və təhlükəsizlik məsələlərində aktiv rol oynaması aktuallıq kəsb edir”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda BMT-nin 1325 saylı qətnaməsi ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planı hazırlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunmadığını və mütləq işğalçı ilə işğala məruz qalana fərq qoyulmalı olduğunu deyib: “Niyə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal yerinə yetirilir. Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da sözlərini deyə bilsinlər”.
Ombudsman Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir: “Belə ki, məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların sosial ehtiyaclarının ödənilməsi, təhsil, sağlamlıq və digər hüquqlarının həyata keçirilməsi sayəsində müvafiq qanunvericilik hazırlanıb”.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir: “Təəssüf ki, İkinci Dünya müharibəsindən sonra da münaqişələrdə qadınların hədəf seçildiyini gördük. 1325 qətnamənin qəbul edilməsindən 2 il sonra 2002-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması və bu məhkəmənin icraatında olan işlərin siyahısına baxdıqda təəssüf olsun ki, münaqişə zamanı qadınların xüsusi amansızlıqla zorakılığa məruz qalmasının şahidi olmuşuq. Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı qadınlar işgəncələrə məruz qalıblar”.
Tural Gəncəliyev Dağlıq Qarabağdan olan azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidi və bu qadınların torpaqlarında ləyaqətlə yaşamaq haqqı tanınmalı olduğunu diqqətə çatdırıb.
Konfrans panellərlə davam edib.