Bakıda mənzildən oğurluq edən keçmiş məhkum və qadın tutuldu
Bakıda mənzildən oğurluq edən şəxslər yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsində yaşayan paytaxt sakini Rauf Abdullayev 3-cü Polis Bölməsinə müraciət edərək, evdə olmadığı müddətdə mənzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib. Bölmədə zərərçəkənin ifadəsi alınan zaman ona ümumilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub.
Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.
A.Əliyev və T.Məmmədova haqqında cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, onlardan aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsi və ya 3-cü Polis Bölməsinə müraciət etmələri xahiş olunur.