Bakıda mühüm SAMMİT: Hansı qərarlar qəbul olunacaq?

Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılacaq- Gənclər Şəbəkəsinin Bakıda ilk sammiti keçirilir

 

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclərin Sammiti keçirilir.

APA TV-nin xəbərinə görə, iyulun 29-a kimi davam edəcək Sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi iştirak edir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciəti oxunub. Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilən müraciətdə bildirilir ki, Azərbaycanda əhalinin təxminən 23%-ni təşkil edən gənclərin diqqət və qayğı, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz bu milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər: “Qoşulmama Hərəkatının sədrliyimiz müddətində yekdilliklə 2023-cü ilə qədər 1 il daha uzadılması Azərbaycanın üzv ölkələr arasında qazandığı nüfuzun, fəaliyyətimizə verilən yüksək qiymətin və bizə olan inam və etimadın bariz göstəricisidir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olmasında aparıcı rol oynamış, ehtiyacı olan ölkələrə maliyyə, humanitar və digər yardımlar göstərib. Ölkəmiz eyni zamanda, hərəkatın təsisatlanması istiqamətində də təşəbbüslərlə çıxış edib. Belə mühüm addımlardan biri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması oldu. Gənclər Sammitinin keçirilməsi və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər təşkilatına çevrilməsi ilə bağlı vacib qərarların məhz ölkəmizdə qəbul edilməsi bizi sevindirir”.

 

Daha sonra BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahidin sammitdəki çıxışı dinlənilib. O Qoşulmama Hərəkatının Gənclər Sammitinin təşkilinə görə Azərbaycan hökumətinin fəaliyyətini qiymətləndirdiklərini vurğulayıb: “BMT və onun institutlarında inklüzivlik və fərqlilik indi daha vacib olub. Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün iştirak və mədəni mübadilə istiqamətində platforma təklif edir və bu vacibdir. BMT də daxil olmaqla, qlobal platformalar gənclər üçün imkanlar təqdim etməlidir. Mən gənclərə səmərəli müzakirə və fikir mübadiləsi arzulayıram”.

 

Sammit çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə də çıxış edərək bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin irəli sürdüyü iki əsas təşəbbüsdən biri Hərəkatın Gənclər Şəbəkəsinin yaradılması idi: “Biz sammit çərçivəsində ilk dəfə Azərbaycanda Qoşulmama Hərəkatının simulyasiya iclasını keçirəcəyik, tədbir çərçivəsində bir çox mövzular müzakirə olunacaq. Tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, bu sammit çərçivəsində ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər Təşkilatına çevrilməsi istiqamətində addımlar atılacaq, qərarlar veriləcək. Sammitin son günü iştirakçıların Şuşaya səfəri baş tutacaq və sammit boyu müzakirə olunan qərarlar Şuşada qəbul olunacaq”.

 

Qeyd edək ki, Sammit müddətində iştirakçılar ötən ilin noyabr ayında təsis edilmiş QH Gənclər Şəbəkəsinin Beynəlxalq təşkilata çevrilməsi məsələsini müzakirə edəcək və bu xüsusda müvafiq razılıq əldə olunarsa, Şuşa şəhərində Şəbəkənin Təşkilata çevrilməsi, eləcə də yaranacaq Təşkilatın loqo və bayrağının təsdiqlənməsi barədə qərar qəbul edilməsi gözlənilir.

 

AYTƏN SAKİTQIZI

KAMRAN NAMAZOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv