Bakıda narkotik satan şəxslər yaxalandı
Xətaidə narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, daxil olan məlumat əsasında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşları tərəfindən Bakı şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürülüb.
Ona narkotik vasitəni satan, əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Tural Abdullayev də müəyyən edilərək saxlanılıb. Onun üzərindən isə 510 qram heroin götürülüb.
Davam etdirilən tədbirlərlə Tural Abdullayevə narkotik vasitəni satan onun xalası oğlu, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılıb:
Xətai RPİ-nin baş müstəntiqi Tofiq Namzaov Aqşin Cəbrayılzadənin evindən ümumilikdə 11 kiloqramdan artıq narkotik və psixotrop maddə aşkar edildiyini deyir: “Xətai RPİ 34-cü PŞ əməkdaşlarının Aqşin Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə keçirdikləri baxış zamanı 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanıb”.
Faktla bağlı cinayət işi başlanılıb.