Bakıda narkotik satan və oğurluq edən şəxslərə qarşı əməliyyat keçirildi – TUTULANLAR VAR

Yasamalda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən Vüsal Həşimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 015 qram heroin aşkar edilib.

 

Araşdırma zamanı müəyyən olunub ki, Vüsal Həşimov şəxsiyyəti istintaqa məlum olmayan tanışlarından biri ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib.  Saxlanılan şəxs həmin tanışının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

 

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə paytaxt ərazisində nəqliyyat vasitələrinin yan güzgülərini oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Rövşən Süleymanov və Şahmar Əlicanov saxlanılıb.  Araşdırma zamanı onların əsasən “Mercedes” markalı avtomobillərin yan güzgülərini oğurlayaraq dəyər-dəyməzinə satdıqları məlum olub.

 

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv