Bakıda niyə hər yerə mərmər döşəyirlər?

Bakıya hər yağanda qar sevinclə yanaşı, bir sıra çətinliklər də gətirir. Xüsusən piyada keçidlərində və səkilərdə döşənmiş mərmər üzlüklər sakinlərin həyatına sözün əsl mənasında təhlükə yaradır. Hələ bu mövsüm Bakının qar qayğıları demək olar ki, ciddi əngəllər yaratmadı. 50-dən çox texnikanın və 1000 dən çox canlı qüvvənin cəlb olunduğu paytaxt küçələrində əlavə fəsadlara yol açmadı. Buna baxmayaraq, təkcə Respublika Kliniki xəstəxanasına müraciət edənlərin sayı 60-ı ötüb. Digər xəstəxanaları da nəzərə alsaq, bu say kifayət qədər böyüyür. Müraciət edənlər arasında yuxarı və aşağı ətraf travmaları alanlar əksəriyyət təşkil edir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, piyada keçidlərinə, parklara mərmər döşənməsi azmış kimi sahibkarlar öz obyektlərinin qarşısına da mərmər döşəyirlər. Mütəxəssis düşünür ki, bu problemin əsas səbəbi konkret standartların olmamasıdır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə üz tutsaq da, çox vaxt olduğu kimi dolğun cavab ala bilmədik. Qurumdan bildirdilər ki, həmin ərazilərə mərmər illər əvvəl yerli icra strukturları tərəfindən döşənilib.
Əksəriyyət düşünür ki, mərmər daha gözəl görünür deyə, keçidlərin, səkilərin, parkların döşənməsində ondan daha çox istifadə olunur.
Bəli, görünməyinə daha gözəl görünür. Amma səfası kimi cəfası da var. Gəlin bir də bunu düşünək: Öldürən, bel, əl-ayaq qıran gözəllik kimə lazımdır?
Müəllif | Apa.Tv
Apa.tv