“Bakıda olmaq şərəfdir, Azərbaycan prezidentinə təşəkkür edirik”
“Qoşulmama Hərəkatı postpandemiya dövründə mühüm rol oynayır”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. O, postpandemiya ilə bağlı problemlərin həlli üçün yeni təşəbbüslərin irəli sürüləcəyinə ümid etdiyini bildirib.
“Mən bütün platformalarda Parlament Şəbəkəsinin əhəmiyyətini vurğulayıram. Mən Qoşulmama Hərəkatının bütün üzvlərini Parlament Şəbəkəsini dəstəkləməyə çağırıram” – deyə Milli Məclisin sədri əlavə edib.
“Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün təşkili Azərbaycanın siyasi iradəsini, çoxtərəfli əməkdaşlığa sadiqliyini göstərir”.
Bu sözləri isə Qətərin xarici işlər naziri Soltan Saad əl-Muraikhi deyib. O, postpandemiya dövründə əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb.
Fələstin xarici işlər naziri Riad Malki Azərbaycan Prezidentinə və Azərbaycana tədbirin təşkilinə görə təşəkkür edib. Riad Malki postpandemiya dövründə İsraili Fələstində infrastruktura ziyan vurmaqda ittiham edib: “Ümid edirik ki, postpandemiya dövrü Qoşulmama Hərəkatının gücünü ortaya çıxaracaq. Fələstin dövləti Qoşulmama Hərəkatının bütün üzvləri ilə əməkdaşlığa hazırdır”. – deyə o əlavə edib.
Yəmən xarici işlər naziri Əhməd Binmubarak pandemiya dövründə Qoşulmama Hərəkatına liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib. O çıxışında Yəmənin pandemiya dövründə ərzaq problemi ilə üzləşdiyini, ərzaq məhsullarının 48 faizini Rusiya və Ukraynadan idxal etdiyini qeyd edib. Yəməndə 17 milyon insan aclıq təhlükəsi ilə üzləşib – deyə Yəmən XİN rəhbəri bildirib.
Bəhreyn səhiyyə naziri Jalela Bint əl-Saylı Javad Hasan isə Zirvə görüşündə iştirakın böyük şərəf olduğunu vurğulayıb.
Tunis səhiyyə naziri Əli MRab da Azərbaycan Prezidentinə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti, o cümlədən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün təşkilinə görə təşəkkür edib.
Çad səhiyyə naziri Abdelmadjid Abdraahim Mahamat isə bildirib ki, Azərbaycan Prezidentinə liderliyi üzərinə götürərək pandemiya dövründə təşəbbüslərlə çıxış etdiyinə görə təşəkkür edirlər.