Bakıda onlayn yolla narkotik satan şəxs yaxalandı
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxsi saxlayıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, tədbir zamanı Bakı şəhər sakini Anar Məmmədov paytaxtın Nizami rayonunda tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,870 qram heroin, 1,028 qram metamfetamin aşkar olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evdən isə 3,873 qram heroin və 14,345 qram metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla onun müxtəlif sosial şəbəkələrdə “Metidenxmya” və “Zakladka Bakı” adı ilə qeydiyyatdan keçərək özünə məxsus səhifələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsini təbliğ etməsi müəyyən olunub. Qeyd edək ki, Anar Məmmədovun narkotik vasitələri onlayn yolla satışa çıxarıb və ayrı-ayrı şəxslər onun plastik kartına buna görə pul vəsaitləri köçürüblər. Saxlanılan şəxsin evindən həmin vəsaitlərin toplandığı plastik kart da polislər tərəfindən aşkar olunub.
Anar Məmmədov ifadəsində həmçinin üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitə və psixotrop maddələri tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.