Bakıda pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər yaxalandı
Bakıda yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Nizami rayonunda keçirilən əməliyyat zamanı ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən Emin Tağıyev tutulub. Onun yaşadığı mənzildən də külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Növbəti tədbir zamanı Biləcəri qəsəbəsində mağazalardan birində pirotexniki maddələrin satışını təşkil edən Anar Abdulxalıqov saxlanılıb.
Paytaxtın Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində isə Ülvi Vəliyev priotexniki vasitələrin satışını həyata keçirərkən polis əməkdaşları tərəfindən tutulub.
Abşeron rayonu Mehdiabad qəsəbəsində də pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tezalışan maddələrin satışı ilə məşğul olan Nurlan Hüseynov tutularaq ərazi üzrə Mehdiabad Polis Bölməsinə gətirilib.
Saxlanılan şəxslərin hər birindən aşkar olunan pirotexniki vasitələr müsadirə olunub.
Faktla bağlı protokollar tərtib edilib və toplanan materiallar müvafiq qərar verilməsi üçün məhkəmə orqanlarına göndərilib.