Bakıda polis koronavirusla əlaqədar reyd keçirdi
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın bir neçə ərazisində reydlər keçirib.
APA TV-nin xəbərinə görə, reydlərdə əsas məqsəd COVİD-19 virusu ilə mübarizə dövründə vətəndaşların maskadan istifadə etməsini, həmçinin dezinfeksiyaedici məhlullardan istifadəni yoxlamaq olub.
Nərimanov rayonu ərazisində qapalı məkanlarda keçirilən nəzarət-profilaktik tədbir zamanı bəzi satıcıların maskadan istifadə etmədiyi aşkar olunub.
Vətəndaşlara qapalı məkanlarda maskadan və dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadə etmələri tövsiyə olunub.
Restoranlarda bir masa ətrafında məhdud sayda müştəri əyləşdirilməsi, ara məsafəsinin qorunmasının vacibliyi vurğulanıb.
Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Yaşıl bazar”da reyd zamanı isə maraqlı anlar yaşanıb. Belə ki, bazara daxil olanların bir çoxunun tibbi maskalardan istifadə etdiyi müşahidə olunsa da, tibbi maskası olmayan və buna müxtəlif bəhanələr gətirən şəxslər də olub.
Bir vətəndaş isə tibbi maskadan istifadə etsə də, spirt istifadə etmədiyi üçün onu lazım olmayan yerdə axtarmağa başlayıb.
Daxili işlər Nazirliyinin əməkdaşı, polis leytenantı Nurlan Əliyevin sözlərinə görə, COVİD-19 infeksiyasının ölkə ərazisində yayılması, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları nəzarət-profilaktik tədbirlərini davam etdirir: “Qapalı məkanlarda, mağazalarda, eləcə də ictimai nəqliyyatda polis əməkdaşları yoxlamalar apararaq, vətəndaşlara sanitar-epidemioloji qaydalara əməl edilməsi, ara məsafələrinin təmin edilməsi, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir. Polis əməkdaşlarının və Daxili Qoşunlarının hərbçilərinin keçirdiyi reydlər zamanı ara məsafələrini, tibbi qaydaları gözləməyən şəxslərə qarşı ciddi xəbərdarlıq və inzibati qaydada cərimə tətbiq olunur”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi 1 dekabr 2020-ci ilədək uzadılıb.
Xələf Xələfov
Üzeyir Ağayev