Bakıda polis vətəndaşlara pulsuz tibbi maska payladı
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları vətəndaşlara tibbi maska paylayıb.
APA TV-nin xəbərinə görə, bu məqsədlə şəhərin bir sıra rayonlarında, nəqliyyat axını və sərnişindaşımanın çox olduğu yerlərdə, avtobus və digər nəqliyyat vasitələrində reydlər aparılıb, sakinlərə mindən çox pulsuz tibbi maska və əlcək verilib.
Həmçinin polis əməkdaşları karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verib, qaydalara məhəl qoymayan, qanunun tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçiriləcəyi bildirilib.
Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək:
Reyd zamanı maska taxmayan vətəndaşlar isə müxtəlif arqumentlərlə bunu izah etməyə çalışdılar:
- Həmişə istifadə edirəm. İndi də aptekə gedirdim, dərman almağa, unutmuşam.
- İstifadə edirik normalda. İndi yadımızdan çıxıb
Xatırladaq ki, koronavirusla mübarizə çərçivəsində mütəmadi qaydada vətəndaşlara maarifləndirici tövsiyələrin verilməsi və tibbi maskaların paylanılması tədbirləri davam etdirilir.
Mir Çingiz Ağazadə
Musa Qulammirzəyev
APA TV