Bakıda polis zabitinin başına pul qoyan şəxs saxlanıldı
Bakıda polis zabitini ölümlə hədələyən şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, sentyabr ayının 29-da mətbuatda Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin sosial şəbəkədə “Evez VAhidoviç” adlı istifadəçi tərəfindən ölümlə təhdid olunmasına dair xəbərlər yayılıb.
“Evez VAhidoviç” “facebook” səhifəsində E.Hacıyevi öldürən şəxsə 10 min manat pul verəcəyini vəd edib.
Daxili İşlər Nazirliyini (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı oradan 1 ədəd tək lüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid 4 patron aşkar olunub.
İlkin dindirmə zamanı məlum olub ki, F.Quliyevin qonşusu Əvəz Muxtarov ondan 2017-ci ildə 50 manat pul alıb və qaytarmayıb. O isə qonşusunun adına saxta profil açaraq həbsinə nail olmaq və bu yolla ondan qisas almaq istəyib.
Zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.