Bakıda qadına qarşı soyğunçuluq edən keçmiş məhkum yaxalandı

Paytaxtın Nizami rayonunda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon ərazisində naməlum şəxs paytaxt sakini T.Gərayevaya zor tətbiq edərək onun içərisində 104 manat, mobil telefon, sənədlər və digər şəxsi əşyaları olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb.

 

Yaranan səs-küyə xidmətdən kənar vaxtı həmin yerin yaxınlığından keçən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı polis serjantı Əziz Qurbanov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb. Polis əməkdaşı çevikliyi sayəsində cinayəti törədən şəxsi yaxalayaraq, soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutla birlikdə ərazi üzrə 24-cü Polis Şöbəsinə təhvil verib.

 

Bölmədə araşdırma aparılan zaman həmin cinayəti törədən şəxsin Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Şaiq Həsənov olduğu məlum olub və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv