Bakıda qanunsuz quraşdırılan köşklər söküldü

Paytaxtın Nizami rayonu ərazisində qanunsuz quraşdırılan köşklər sökülüb.

 

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə daxil olan məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman Nizami rayonu, Cümşüd Naxçıvanski küçəsi, 48 ünvanında yerləşən binanın arxasında, yolun kənarındakı yaşıllıq zolağında yüngül konstruksiyalı 2 ədəd köşkün naməlum şəxslər tərəfindən quraşdırıldığı aşkar olunub.

 

Həmin köşklər yaşıllıq zolağında quraşdırıldığından və icazə sənədləri təqdim edilmədiyindən qeyri-qanuni hesab edilib. Buna görə köşklər Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə ərazidən götürülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv