Bakıda Qoşulmama Hərəkatının 18-ci zirvə görüşü başlayıb

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü başlayıb.

 

APA TV-nin məlumatına görə, 2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etmiş Venesuelanın Prezidenti Nikolas Maduro XVIII Bakı Zirvə Görüşünü açıq elan edib.

 

Sammitin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

 

Sammit iştirakçıları son illərdə Qoşulmama Hərəkatına üzv olan bəzi ölkələrin vəfat etmiş dövlət və hökumət başçılarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Qoşulmama Hərəkatının hazırkı sədri Venesuelanın Prezidenti Nikolas Maduro bildirib. Qoşulmama Hərəkatında BMT-yə üzv dövlətlərin 2/3-si təmsil olunub.

 

Venesuela Prezidenti bildirib ki, bu dövlətlərin zəngin sərvətləri var: “Biz Qoşulmama Hərəkatını gücləndirməli, hər hansı dövlətin dünyada polis rolunu oynamasına imkan verməməliyik. Biz dünyadakı imperialist yanaşmaların qarşısını almalıyıq. Belə yanaşmalar ölkələrimizə yoxsulluq, səfalət gətirib”.

 

N. Maduro qeyd edib ki, Fidel Kastro kimi insanlar imperializmə qarşı mübarizə aparıb: “Ona görə də Qoşulmama Hərəkatı imperialist yanaşmaların, təcavüz hallarının qarşısının alınması, bəşəriyyətin qorunması üçün çalışmalıdır. Biz irqçiliyin yayılmasının qarşısını almalıyıq”.

 

Venesuela Prezidenti nəzərə çatdırıb ki, ölkəsinin sədrliyi dövründə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də dəstək verməyə çalışıblar: “Biz yoxsulluğun aradan qaldırılmasına çalışmalıyıq. Dayanıqlı İnkişaf Məqsədlərindən biri də məhz budur. Beynəlxalq strukturlar dayanıqlı ədalətin tarazlığına çalışmalıdır. Bunun üçün alternativ yollar tapmalıyıq. Çünki dünyada bir çox insan bu tarazlığın olmamasından əziyyət çəkir. Beynəlxalq Valyuta Fondunun fəaliyyəti də bir çox halda səmərəli olmur, cəmiyyətlər, dövlətlər tənəzzülə uğrayır. Əslində, Beynəlxalq Valyuta Fondu dövlətlərə dəstək verməlidir. Biz Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının bizim ölkələrə təzyiqindən qorunmalıyıq”.

 

Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır: "Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub.
Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür".

 

Azərbaycan Prezidenti 2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela-Bolivar Respublikasına təşəkkür edib: Sədrliyin Azərbaycana həvalə edilməsini dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir, bu qərara görə bir daha Sizə təşəkkürümü bildirirəm”.

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq Prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq Prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq”.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək:  Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarını inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədi ilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır”.

 

Prezident diqqətə çatdırıb ki, Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilib

 

Müəllif | Apa.Tv
Apa.tv