Bakıda quş kəsimi məntəqəsində yoxlama keçirildi – NÖQSANLAR VAR
Suraxanıda antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb.
APA TV xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində fəaliyyət göstərən Qabil Cəfərova məxsus quş kəsimi məntəqəsində yoxlama keçirilib. Bu zaman müəssisədə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.
Həmçinin, toyuq cəmdəklərinin mənşəyi məlum olmayan maddə ilə boyandığı, emal olunmuş toyuq cəmdəyinə süni şəkildə “kənd çolpası” görünüşü verildiyi aşkar edilib.
Faktla bağlı rənglə işlənmə prosesinə cəlb edilmiş 585 ədəd toyuq cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb, məhsul və mənşəyi məlum olmayan rəngləndirici maddə müsadirə edilib.
Toyuq cəmdəkləri və boyamaq məqsədi ilə istifadə edilən maddənin laborator analizlərə cəlb olunması üçün Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı araşdırma davam etdirilir.