Bakıda Rəsulzadənin ev muzeyinin yaradılması təklif olunur
Dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyində "Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi" təşəbbüsü üzrə yaradılan İctimai Qrupun ilk toplantısı keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə qrupun nümayəndələri - siyasi xadimlər, elm adamları, incəsənət nümayəndələri, millət vəkilləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru, xalq artisti Sərdar Fərəcov deyib ki, tədbirin məhz bu ünvanda təşkil edilməsi təsadüfi deyil. Çünki dahi bəstəkar Rəsulzadənin yaxın dostlarından, silahdaşlarından olub.
Tarix elmləri doktoru, professor Solmaz Tohidi Üzeyir Hacıbəyovun adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını deyib. Bildirib ki, bəstəkarın ölkə üçün yaratdığı sənət əsərləri unudulmaz və əvəzedilməzdir.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, Rəsulzadənin ev muzeyi şəhərin mərkəzində - vaxtilə yaşadığı yerdə yaradıla bilər.
Qeyd edək ki, "Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin Ev-Muzeyi" təşəbbüsü üzrə yaradılan İctimai Qrupun 101 üzvü var.