Bakıda şəhid məzarlarına yürüş keçirildi

Bakıda Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunub. 

 

Novruz bayramı və İlaxır çərşənbəsi ilə əlaqədar Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları ziyarət edilib.

 

APA TV xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  

 

Ziyarət zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra onların məzarları və xatirələrinə qoyulan abidə lövhəsinin önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.  

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirib ki, Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycan tarixində əbədi qalacaq: “Bu gün biz mütləq olaraq şəhid ailələrinin yanında olmalıydıq və olduq. Biz, hətta nəinki biz, Səbail rayonunun bütün təşkilatları, həm inzibati orqanlarımız, həm YAP, bizim axundlarımız daim olduğu kimi, bu gün də şəhid ailələri ilə birlikdə gəlib şəhid məzarlarını andıq. Onların ruhuna dualar oxuduq”.

 

Din xadimi Hacı Surxay Məmmədli də şəhidlərin heç vaxt unudulmayacağını bildirib: “Peyğəmbərin hədislərində var ki, qəbirləri ziyarət edin. Onlar sizə axirəti xatırladır. Ümumiyyətlə, bunu qeyd eləmək lazımdır ki, insanlar  yaşayırlar – ölmək üçün. Şəhid ölür – yaşamaq üçün. Onlar əbədi tarix qoydular. Onlar təkcə bayram günü yox, hər gün Azərbaycan xalqının qəlbindədir. Onlar Azərbaycanın bayrağını ucaltdılar, onlar vətənimizi gələcək nəslə anlatdılar”.  

 

Şəhidlərin ailə üzvləri də öz növbələrində onlara göstərilən diqqət və qayğıdan razıdırlar.

 

Şəhid Murad Qurbanovun anası Mehriban xanım daim dövlətin qayğısını hiss etdiyini deyir: “Şəhidlərimizə göstərdiyi diqqətə görə, şəhid ailələrinə göstərdiyi diqqətə görə Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimiz İlham Əliyevə dərin təşəkkürlərimizi bildirirəm. Dövlətimizin qayğısını həmişə üzərimizdə hiss edirik. Dərdimiz böyükdür, övladlarımızı itirmişik. Ancaq bizə edilənlər təsəlli olur”.

 

Şəhid Cavidan Ağayevin atası Mirzəağa Ağayev oğlunun ilk şəhidlərdən olduğunu bildirir: “Bugünkü tədbirə görə Prezidentə və Mehriban xanıma təşəkkür edirəm. Ümumiyyətlə, Vətən Müharibəsi başlayandan bəri mənim oğlum ilk şəhidlərdəndir. O, şəhid olandan bəri dövlətimizin qayğısını həmişə üstümüzdə hiss etmişik”.

 

Şəhid Elvin Salahovun atası Sabir Salahov oğlu ilə son dəfə oktyabrın 6-da danışdığını qeyd edir: “Müharibə haqqında danışanda ona qaranlıq gəlirdi. Deyirdi, “ata, sən müharibənin bu dəhşətlərini görmüsən. Mən o müharibəni görmək istərdim”. Elə bil, onun arzusu idi. Onunla mənim telefon danışığım oktyabrın altısı olub. Cəmi iyirmi saniyə olub, əlaqə kəsilib. Elə bil, ürəyimə dammışdı onun şəhid olacağı”.

 

Qeyd edək ki, ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ətrafında abadlıq işləri görülüb. Tədbirlər çərçivəsində abidəyə aparan yolda yeni asfalt örtüyü çəkilib, yaşıllıq zolaqları salınıb, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilib.

 

Mir Çingiz Ağazadə,

Faiq Həsənov,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv