Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirilib

Bakıda səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçlə görüş keçirilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul edib.

 

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Dövlət başçılarımızın müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

 

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

 

Neboyşa Stefanoviç yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb: “Bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik, həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər vacib istiqamətlər üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik. Eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq sahəsində müzakirələr apardıq. İnanırıq ki, bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər”, - deyə Serbiya Baş Nazirinin müavini qeyd edib.

 

Görüşdə, həmçinin, digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv