Bakıda sevgilisi tutulan qız özünü bölmənin qarşısında yandırdı

Bakıda gənc qız özünü Polis Bölməsinin yaxınlığında yandırıb.

APA TV xəbər verir ki, bu barədə “Qafqazinfo” saytı məlumat yayıb.

Məlumata görə, hadisə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin yaxınlığında baş verib.

1990-cı il təvəllüdlü qadın gecə saat 12 radələrində bölmənin qarşısına gələrək üzərinə benzin töküb və alışqanla yandırıb. Polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər və qadın təcili tibbi yardım maşını ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, iyunun 4-də axşam saatlarında həmin qadının qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Quliyev şərti soyadlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Bayıl qəsəbəsində Quliyevin sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər. Burada onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci, yəni polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və o, iyunun 5-də məhkəməyə göndərilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev APA TV-yə bildirdi ki, hazırda araşdırmalar aparılır. Yaxın zamanlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv