Bakıda su ötürücü qurğuları oğurlayan qardaşlar tutuldu

Paytaxtın müxtəlif rayonlarında yol infrastrukturuna külli miqdarda ziyan vurmaqla oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində yol kənarlarında quraşdırılan yağış və qurund sularının axıdılması üçün nəzərdə tutulan ötürücü barmaqlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Şahmalı Əzimov və qardaşı Nizami tutulublar.

 

Şöbədə araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər oğurladıqları dəmir qurğuları metal qəbulu ilə məşğul olan Niyazi adlı şəxsə satıblar.

 

Əməliyyat zamanı su ötürücü barmaqlıqların oğurluq olduğunu bilə-bilə alan paytaxt sakini Niyazi Fərəcov da saxlanılıb. Bu şəxslərin yaşadıqları ünvanlara və işlədikləri yerlərə baxış zamanı oğurlanan su ötürücü barmaqlıqların bir hissəsi aşkar olunub maddi sübut kimi götürülüb.

 

Araşdırma zamanı Şahmalı və Nizami Əzimovların paytaxtın müxtəlif nöqtələrindən 90 ədəd su ötürücü qurğular oğurladığı və ümumilikdə yol infrastrukturuna 12 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv