Bakıda sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Fevralın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Fevralın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 7-11, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.
Fevralın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Fevralın 17-si axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.
Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-25 m/s, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək, fevralın 17-si axşam və 18-də 0 dərəcəyə yaxın olacaq.
Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı ehtimalı var.