Bakıda sulu qar yağsa da, yerdə qar örtüyü olmayacaq
"Bakıda bu gün sulu qar yağsa da, yerdə qar örtüyü olmayacaq".
APA TV-nin xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qarın yağması prosesi qısamüddətli olduğuna görə qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır:“Respublikanın şimal və cənub, şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hündürlüyü artacaq. Lakin yanvarın 25-dən sonra havanın temperaturu artacaq və qar örtüyü davamlı olmayacaq".
Departament direktoru onu da bildirib ki, adətən qış fəslində dağlıq və dağətəyi rayonlarda qar örtüyünün əmələ gəlməsi noyabr ayının sonu və dekabr ayının əvvəlində başlayır, marta qədər davam edir:“Son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur. Baxmayaraq ki, 2019-2020-ci illərin qış dövründə dağ və dağətəyi zonalarında qar örtüyünün yaranması 2019-cu ilin noyabr ayının 3-cü ongünlüyündə başlanıb və ayrı-ayrı günlərdə davam etsə də, təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır”.
Bu ilin yanvar ayının birinci yarısında respublikanın dağlıq ərazilərinə yağan qar örtüyünün orta hündürlüyünün 4.7-9,4 sm təşkil etdiyini deyən Umayra Tağıyeva onu da bildirib ki, bu rəqəm 2019-cu ildə 6,5-23,3 sm olaraq qeydə alınıb. 2020-ci ilin yanvar ayının birinci yarısında dağlıq və dağətəyi rayonlarda düşən yağıntının miqdarı çoxillik normanın 9-58 faizini təşkil edib. Bu göstərici 2019-cu ildə 1-36 faiz olub".