Bakıda tapança ilə gəzən keçmiş məhkum tutuldu

Paytaxtın Nəsimi rayonunda üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdiyi əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Natiq Hüseynov tutulub.

 

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq və  3 ədəd patron aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv