Bakıda uşaq bağçalarının açılışına hazırlıq işləri başladı
Yoluxma dinamikasında azalma müşahidə edildiyi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həm dövlət, həm də özəl bağçaların sentyabrın 15-dən fəaliyyətinə icazə verilib.
APA TV-nin xəbərinə görə, bununla əlaqədar bağçalarda Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsi tərəfindən hazırlıq işləri görülür. Qurumun şöbə müdiri Elmin İmanovun sözlərinə görə, bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçaların həyətində, attraksionlarda, oyun, yataq otaqlarında və mətbəxdə geniş təmizlik, dezinfeksiya işləri aparırlar: “Tabeliyimizdə olan məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət analiz edilib və uşaqların hazır vəziyyətdə bağçaya gələ bilməsi üçün burda təmir bərpa işləri həyata keçirilir. Dezinfeksiya içləri ilə yanası infrastrukturda olan problemlər də aradan götürülür. Bütün məktəbəqədər təhsil müəssisələri lazımi tibbi ləvazimatlarla təmin edilməsi ilə bağlı işlər görülüb .Müəssisələr tibbi maskalar, dezinfeksiyaedici məhlullar, tibbi əlcəklərlə təmin olunub.”
Pandemiyaya görə uzun müddətdir qapalı olan uşaq bağçaları sentyabrın 15-dən etibarən fəaliyyətə başlayacaq. Hər bir bağçanın girişində həm uşaqların, həm də işçi heyətin temperaturu ölçüləcək. Onlar dezinfeksiyaedici vasitələrdən istifadə edərək bağçaya daxil olacaqlar.
Elmin İmanovun sözlərinə görə, bağçaya gələn uşaqlardan hər hansı birində yoluxucu xəstəliklə bağlı fəsadlar ortaya çıxarsa, dərhal tədbir görüləcək. Onlar xüsusi təcrid olunmuş otaqlarda saxlanılacaq və ilkin tibbi yardım göstəriləcək. Həftə sonları hər bir bağçada tam dezinfeksiya işləri aparılacaq. Paytaxtın bütün uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək. Bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyətinin və onun müvafiq İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.