Bakıda “Whatsapp” vasitəsilə narkotik satan dəstə üzvləri tutuldu – FİLM KİMİ SSENARİ
Paytaxtda “Whatsapp” vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Murad adlı şəxsin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul götürülüb.
Saxlanılan şəxs ifadəsində bildirib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan Muradov və Vüsal Məmmədzadə adlı şəxslər paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Online yolla narkotik sifariş verən adamlar pulu ödəniş terminalları vasitəsilə Murad Rəhmanovun kart hesabına köçürəndən sonra o, narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüb.
Qeyd edək ki, Murad Rəhmanov narkotik vasitələrin satışından onun hesabına köçürülən pulları nağdlaşdırmaq üçün bankomatlara gedən zaman tanınmamaq üçün tibbi maska və gün eynəyindən istifadə edib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Rəmzan Muradov və Vüsal Məmmədzadə də saxlanılaraq istintaqa cəlb ediliblər. Rəmzan Muradovun üzərindən 5 ədəd ekstazi həbi, 3 qram metamfetamin, Vüsal Məmmədzadədən isə 3 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.