Bakıda Yeni il yarmarkaları açıldı - BU ÜNVANLARDA
Paytaxtda Yeni il yarmarkaları açılıb.
APA TV-nin məlumata görə, bayramlar ərəfəsində “Kənddən şəhərə” adı ilə açılan yarmarkaların təşkilindən məqsəd əhalinin keyfiyyətli və daha ucuz qiymətə ərzaqla təmin edilməsidir.
Paytaxtın 5 rayonunda artıq ticarətə başlanan yarmarkalar dekabrın 30-dək davam edəcək: "Nərimanov, Yasamal, Binəqədi, Suraxanı və Abşeron rayonlarında təşkil edilən yarmarkalara dekabrın 21-dən start verilib. Yarmarkalara cəlb edilən fermer və qida istehsalçılarının məhsulları yarmarkalara pulsuz çatdırılır və burada satışına şərait yaradılır. Qiymətləri fermerlər müəyyən edirlər. Lakin biz məhsulların qiymətinin bazar qiymətlərindən aşağı olmasını tövsiyə edirik".
Hazırda yarmarkalara 500 fermer və qida istehsalçısı cəlb edilib. İştirak etmək istəyən fermerlər bundan sonra da müraciət edə bilərlər.
Yarmarkaya məhsul gətirənlər də məmnun görünür: “Biz Quba rayonundan gəlmişik. Öz kənd məhsullarımızı satışa çıxarmışıq. Almanın qiyməti çeşidə görə dəyişir. Alıcılar almanı 1 manatdan 2 manata kimi ala bilərlər”.
“Kartof 70 qəpik, soğan isə 50 qəpikdir. Burda çuğundur da var, iki sortdur. Kök isə 50-80 qəpik arası dəyişir”.
Bayram süfrəsinin bəzəyi olan balıq məhsulları da yarmarkalarda addımbaşı rast gəlinən məhsullardandır: “Balıqların qiyməti müxtəlifdir. Burada göl balıqları 4 manat 50 qəpikdən başlayır 6 manata kimi. Amma Kür balıqları var ki, onların kilosu 6 manatdan 10 manata kimi dəyişir”.
Yolunu yarmarkadan salan alıcılar da qiymətlərdən razılıq edirlər: “Mən bayram alış-verişi etməyə gəlmişəm. Hələ ki, gəzib baxıram, görüm, qiymətlər necədir. İlkin baxışda razıyam qiymətlərdən”.
“Mən İsveçdə olanda orda yarmarkaya getmişdim, xoşuma gəldi. Çox istərdim ki, bizdə də elə olsun. İndi gəlmişəm, görürəm ki, bu yarmarka heç də xaricdəkilərdən səliqəsi, ucuzluğuna görə geri qalmır”.
Qeyd edək ki, “Kənddən şəhərə” yarmarkalarına çıxarılan məhsullar Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılıb.