13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Bakıdakı dəhşətli qəzanın səbəbkarı: SÜRÜCÜ, YOXSA...

 

Bakıda yük avtomobilini idarə edən 19 yaşlı sürücü tərəfindən faciəli sonluqla nəticələnən qəza baş verib.

 

APA TV xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər və xəsarət alanlar var. Hadisənin yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi bildirilir. Bu zaman belə bir sual yaranır ki, bəs bu kimi qəzalara səbəb nədir, sürücünün düzgün istirahət rejiminə əməl etməməsi, yoxsa avtomobillərdə olan texniki nasazlıq?

 

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki,  qeyri-qanuni daşımalarla bağlı Dövlət Avtomobil Nəqliyyat Xidməti dünəndən etibarən Baş Dövlət Yol Polisi ilə birgə sərt tədbirlərə başlayıb: “Qəza qanuni daşımalarda da ola bilər. Heç kəs qəzadan sığortalanmayıb. Ancaq qeyri-qanuni daşıma ilə bağlı həmin sürücünün, sükan arxasında yuxuya getməsi onu deməyə əsas verir ki, həmin sürücü reys qabağı  tibbi müayinədən keçmir. Reys qabağı avtomobil texniki müayinədən keçməlidir, amma keçmir”.

 

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, bu gün baş verən qəza bir daha onu göstərir ki, Respublika ərazisində yük və sərnişin daşıma sahəsində çox ciddi problemlər var: “Bizim qanunvericilik tələb edir ki, yük avtomobillərində taxoqraf olmalıdır. Bu o deməkdir ki, sürücünün iş və istirahət rejimi bura yazılır. Ola bilsin detal bahalıdır, onu ölkəyə gətirmək, sürücülərə satmaq bəlkə ağır bir proses kimi görünə bilər, amma gec-tez bu məsələ öz həllini tapmalıdır”.

 

Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev deyib ki, 18 yaşı tamam olmuş hər bir şəxsə yük və minik avtomobillərinin idarə olunmasına icazə verilir, amma avtobus və sərnişindaşıma ilə məşğul olan şəxslərin sürücülük vəsiqəsi almasında yaş məhdudiyyəti 23-dür: “İki və daha artıq şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsinin törədilməsin cinayət məcəlləsinin 263-cü  maddəsinin 3-cü hissəsi ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda da nəqliyyat vasitəsinin 5 il müddətinə məhdudlaşdırılması nəzərdə tutulur. Amma sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən bu hadisələrin törədilməsi 7 ildən 10 ilə qədər cəzalandırılır”.

 

Hüquqşünas Şamil Paşayev bildirib ki, yüklərin, təhlükəli məhlulların daşınmasında sürücülük vəsiqəsinin verilməsi üzrə olan yaş məhdudiyyəti 20 yaş olsa daha yaxşı olar. Onun sözlərinə, 1 il B kateqoriyası üzrə sürücü olmuş  şəxslərin yük maşını sürməsi daha məntiqli olardı.

 

Nərmin Murad

Samir Qaragözov

APA TV

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın