Bakıdakı Pravoslav Kafedral Kilsəsində şəhidlərin anım mərasimi keçirilib
Bakıdakı Pravoslav Kafedral Kilsəsində şəhidlərin anım mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, kilsədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Dini ayinlər Arxiyerey Aleksandr İşein və kilsənin baş keşişi Leonid Miltıxın iştirakı ilə keçirilib. Rus Pravoslav Kilsəsi Bakı-Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki, “Qarabağ Azərbaycandır!” deyimi artıq xüsusi salamlama növünə çevrilib: “Bu gün çox böyük gündür, biz hamımız Qarabağın geri qaytarılmasının sevinci içindəyik. Qarabağ Azərbaycandır! Bu, Azərbaycan xalqının igidliyindən xəbər verir, bizim necə böyük ölkə başçımızın olmasını göstərir. Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılmasını bayram edərkən biz torpaqların azad olması uğrunda canlarından keçənləri - şəhidləri də unutmuruq. Hər kəs öz həyatını Vətən uğrunda can vermək gücündə deyil. Bütün həyatları irəlidə olsa da, onlar Azərbaycanın xoşbəxtliyini hər şeydən üstün tutdular. Onların çoxu müharibəyə könüllü gedərək həyatlarını gələcək nəsillər üçün qurban etdilər. Bu gün biz minnətdarlıq hissi ilə həmin şəxsləri anırıq”.
Aleksandr İşein bu gün bütün ibadətgahlarda Vətən Müharibəsində həlak olanlar üçün anım mərasiminin təşkil edildiyini vurğulayıb: “Qoy onların xatirələri daim qəlblərimizdə yaşasın. Bu müharibə Azərbaycan tarixində təkcə İkinci Qarabağ müharibəsi kimi deyil, Vətən Müharibəsi kimi qalacaq. Biz işğal altında olan torpaqlarımızı azad etməyə cəhd etdik və Tanrıya şükür olsun ki, öz istəyimizə nail olduq. Bu günlər XXI əsr tarixinin ən parlaq səhifələrindən olacaq. Mən hər kəsi Qələbə münasibətilə təbrik edir və şəhidlərimizin ruhu üçün dualar edir, Tanrıdan rəhmət diləyirəm”.
Qeyd edək ki, Müdafiə Nazirliyi Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusunun şəhid olduğunu açıqlayıb.