Bakının ən təhlükəli ərazisi: Burda hər yerdən xəstəlik yağır

Bura hansısa ucqar dağ rayonu deyil. Bakının Binə qəsəbəsidir. Suyun içində üzür bu qəsəbə. Bu həm sakinlərin sağlamlığı, həm də ümumi baxımdan çox acınacaqldır. Sakinlərin iddiasına görə, burada hətta 1-1.5 metr dərinliyi yerlər var.

 

Fərdi yaşayış evlərinin həyətində gölməçələr yarandığından hər kəs küçəyə çıxmaq üçün daşlardan yol düzəldib.

 

Bura ilk baxışdan gölməçəyə bənzəyir. Sakinlər deyir ki, bu həyətdə yaşayanlar məcburiyyətdən ərazini tərk ediblər, indi başqa yerdə kirayə qalırlar. Gözdən, könüldən uzaq qalan ərazi yəqin ki, bura deyiblər.

 

Xəzər rayonunun Binə qəsəbəsinin “Donuzçuluq savxozu” adlanan bu ərazisində uzun illərdir  yaşayan sakinlər deyir ki, yağış yağan kimi çirkab suları evlərin zirzəmisinə dolur. Nəmişlikdən, qoxudan evdə qala bilmirlər. İmkanı olan kirayə gedir, olmayan isə bu gölməçədə yaşamaq məcburiyyətindədir. Kanalizasiya sistemi olmadığından bir tərəfdən suyun içində üzürlər, digər tərəfdən isə susuzluqdan əziyyət çəkirlər. Bu da sosial vəziyyəti aşağı olanlar üçün sözün əsl mənasında işgəncəyə çevrilib.

 

Bəli, içməli suyun olmaması səbəbindən min bir əzaba qatlaşır, Binə qəsəbəsinin gözü yolda qalan sakinləri. Həyətyanı sahələrdə də quyu yoxdur. Səbəbini də belə izah edirlər: “Suyun mənbəyi dayaz olduğundan duzlu, qurdlu su çıxır”. Məsələ ilə bağlı əlaqə saxladığımız “AZƏRSU” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, sakinlərin su probleminin bu il həll olunması nəzərdə tutulub. Qurumun mətbuat katibi Anar Cəbrayıllı deyir ki, bu gün Bakı ətrafındakı ərazilərdə 20 faiz əhalinin bir qismi su ilə təmin edilməyib: “Binə qəsəbəsində isə mərkəzləşdirilmiş kanalizasiya sistemi belə qurulmayıb. Kanalizasiya gələcəkdə olacaq. Amma əsas sudur. Bu il təklif vermişik. Hökumət hansı təklifləri dəstəkləsə, biz onu davam etdirəcəyik”.

 

Suyun içində yaşaya-yaşaya, susuzluqdan əziyyət çəkən qəsəbə sakinlərin problemləri sadalamaqla bitmir. Həmçinin yolsuzluqdan əziyyət çəkən sakinlər deyir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, dərdlərinə çarə tapılmır ki, tapılmır. Qış aylarında daha da keçilməz olan qəsəbə yollarında gediş-gəliş çətinləşir. Bu problemdən sürücülərlə yanaşı, xüsusilə məcburiyyətdən velosipedlə məktəbə gedən şagirdlər də əziyyət çəkir.

 

Məsələyə birbaşa cavbdeh olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza aldığımız cavab nə bizim, nə də sakinlərin ürəyincə olmadı. Belə ki,  AAYDA-nın İctimaiyyətlə Əlaqələr  Şöbəsinin müdiri Anar Nəcəfli bildirdi ki, qəsəbədaxili küçə yolların təmiri mərhələli şəkildə aparılır: “Bu il də  nəzərdə tutulub. Amma sırf həmin ərazi nə zaman olacaq, necə olacaq, məlumatım yoxdur”.

 

Bu da ayrı dərd. Elə çəkiliş apardığımız 3-4 saat müddətində nəinki avtobusun özü, heç izi də gözə dəymədi. Səbəbini BNA-nin mətbuat katibi Mais Ağayevdən soruşduqda isə belə cavab aldıq: “Binə qəsəbəsinə 160 nömrəli avtobus işləyir və gündəlik olaraq xəttə 20-yə yaxın avtobus çıxarılır. Qəsəbədaxili isə 190 və 182 nömrəli müntəzəm marşurut xətti fəaliyyət göstərir. Doğrudan da problem varsa, məsələnin həll edilməsi üçün araşdırılıb daşıyıcı qarşısında məsələ qaldırılacaq”.

 

Nəqliyyat yox, su yox, kanalizasiya sistemi işləmir, yollar bərbad. Bütün bunların fonunda isə ən təhlükəli vəziyyət gördüyünüz bu transformatorun burada, yaşayış evinə bitişik və su çəninin altında yerləşdirilməsidir. Üstündə “Girmə, öldürər” yazılsa da, bu sözün məsuliyyətini azyaşlılar dərk etmir. Nəzərə alsaq ki, biz də rahatlıqla bu tarnsformatorun qapısını açdıq. Açığı əllərim gizildəyir.

 

Məsələ ilə bağlı “Azərişıq”ASC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, transformator ərazidə hələ evlər tikilməzdən öncə qoyulub. O ki, qaldı qapısının açıq olması məsələsinə, qurumdan o da bildirildi ki, günü bu gün qapının bağlanması üçün tapşırıq veriləcək. Qurumların cavabı bəlli. Bir qismi sakinlərin çoxsaylı dərdləri ilə bağlı suallarımıza ürəkaçan cavab verməsələr də, bəzilərinin cavablarından ümidləndik.

Amma açığı, bu ümidimizin də ömrü az oldu.

 

Xəzər RİH-nin Şöbə müdiri Gülbala Qurbanovun cavabı isə tam fərqli oldu: “Kənd  yeridir də... Yağış yağanda su olur da... Su hara getməlidir ki? Dəfələrlə bu adamlar müraciət edib. Plana düşməyibsə, onu biz edə bilmərik. Əlaqədar təşkilatlara təkliflər vermişik. Bizim buna imkanımız yoxdur”.

 

Xəzər rayon İcra Hakimiyyətinin Humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovun bu cavabından sonra adamda ümid qalar?

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv