Bakının mərkəzində 11 məcburi köçkün ailəsi üfunət içində yaşayır - ARAŞDIRMA

Xətai rayonu, Yusif Səfərov küçəsi-12 A ünvanındayıq. Gördüyünüz antisanitariyanın hökm sürdüyü bu yataqxanada düz 28 ildir Ağdam və Şuşadan olan məcburi köçkünlər məskunlaşıb. Ötən illər ərzində yataqxana bircə dəfə belə təmir olunmayıb. Hazırda 11 ailənin məskunlaşdığı binada yaşamaq mümkün deyil. Çünki zirzəmi suları bütün otaqların döşəmələrini yararsız hala salıb.

 

Şəhid bacısı Adilə Əliyeva deyir ki, düz 28 ildir şəhid bacısı kimi ailəmlə birgə bu bir otaqda məskunlaşmışam: “Birinci Qarabağ Müharibəsinin şəhidi Əliyev Mübariz Fikrət oğlunun bacısıyam. Düz 28 ildir şəhid bacısı kimi ailəmlə birgə bu bir otaqda məskunlaşmışam. İki qız, bir oğul övladımı da burda böyütmüşəm. İndi də oğlum evlənib, hamımız birlikdə yenə bu otaqda qalırıq. İnsult keçirmişəm, özüm xəstəyəm. İndi də nəvələrim xəstə düşməlidir burda? Şükür bu günə, Ağdam da düşməndən azad olundu. Bu gün də gedib öz şəhərimizdə yaşamağa hazırıq, heç kimin burda qalmaq fikri yoxdur, amma gedənə kimi nə olardı məcburi köçkünləri bu qəzalı, antisanitar yerlərdən çıxarıb normal bir həyat şəraiti qurardılar?”

 

Şuşadan olan məcburi köçkün Mürşüd Hümmətov isə bildirir ki, həyat yoldaşı burda xəstəlik taparaq vəfat edib: “30 ildir bu zirzəmidə suyun içərisində yaşayırıq. Bütün otaqlar suyun içərisində, siçovulların əlindən tərpənmək belə olmur”.

 

Mahizər Tağıyeva da yataqxanadakı antisanitar şəraitdən narazıdır: “Qızım, özüm tibb işçisiyəm. Bu qaldığımız yerdə antisanitariya baş alıb gedir. İnanın, siçovulların əlindən nə evdə, nə də dəhlizdə dayanmaq olmur”.

 

Ağdamdan olan məcburi köçkün Əzizə Hacıyevanın sözlərinə görə,  28 ildir zirzəmi suları evlərə dolur: “1992-ci ildən Xətai rayonunun mərkəzindəyik. Bir yanımız Ali Məhkəmə, bir yanımız YAP-ın yeni binası, gözəl bina, üstü bəzək altı təzək. Zirzəmi 28 ildir evlərə dolur, yay-qış ağcaqanad, siçovulla birgə yaşayırıq. 130 manat çörək pulu alıram, o pulu düz 28 ildir dövlət qurumlarına yazdığımız ərizələrə, müraciətlərə xərcləyirəm. Min şükür bu günə, torpağımız azaddır. Müvəqqəti olsa da, bizi qayıdanadək bu xəstəlik yuvasından çıxarıb bizi yerləşdirsinlər. Biz demirik qalaq. İnanın Allaha, uça-uça gedəcəm elimə, torpağıma. Amma burda da qalmaq mümkün deyil”.

 

Gördüklərimizi kameramızın yaddaşına köçürüb, sizlərə də olduğu kimi təqdim etdik. Görünən dağa nə bələdçi?

 

11 ailənin yaşadığı binanın acınacaqlı durumu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də mövqeyini öyrəndik. Sorğumuza cavab olaraq bildirildi ki, Xətai rayonu, Yusif Səfərov küçəsi-12 A ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində 11 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Həmin ailələrin vəziyyəti ilə bağlı Dövlət Komitəsi məlumatlıdır. Onlara 2019-cu ildə “QobuPark” yaşayış kompleksində yeni mənzillərə köçmək təklif edilib, lakin onlar imtina edib.

 

Qeyd olunub ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar, eyni zamanda adıçəkilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni yaşayış sahələri ilə təmin olunacaqlar.

 

Sevinc Vaqifqızı,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv