Bakının sərt addımı Paşinyanı qorxutdu: Qarabağa gələn, vəzifədən qovulur

Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib.

 

APA TV xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən, Ermənistan Prezidenti Armen Sarksiyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında Karapetyanı vəzifəsindən azad edib. Onun yerinə isə Baş nazirin müavini Suren Papikyan təyin edilib.

 

Paşinyan hakimiyyətə gələndən bəri artıq 4-cü müdafiə nazirini təyin edir. Onlardan 3-ü kapitulyasiya aktından sonra təyin edilib.

 

Sonuncu müdafiə naziri Arşak Karapetyan isə son həftələrdə yalnız təxribatçı addımlar atmaqla məşğul olub. Karapetyan noyabrın 6-dan 8-nə kimi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərinə icazəsiz daxil olaraq, qanunsuz silahlı erməni birləşmələrinin döyüş hazırlıqları ilə maraqlanıb.

 

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı noyabrın 10-da Ermənistana sonuncu dəfə sərt xəbərdarlıq edib. Xəbərdarlıqda “buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq” - deyə bildirib.

 

Üstəlik, son günlər Qara Göl, Kəlbəcər, Laçın ətrafındakı təxribatların da eks müdafiə nazirinin əmri ilə icra olunduğuna dair heç bir şübhə yeri qalmır.

 

Azərbaycanın sərt mövqeyi ilə üzləşəndən sonra Ermənistan rəhbərliyi təxribatlara əl atan naziri dəyişmək məcburiyyətində qaldı.

 

Məsələ ilə bağlı APA TV-yə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, keçmiş xarici işlər naziri Ara Ayvazyan da Qarabağa qanunsuz səfərindən sonra vəzifədən uzaqlaşdırıldı və Arşak Karapetyanın da eyni taleyi yaşayacağı gözlənilən idi.

Hərbi ekspert əlavə edib ki, nazirin dəyişilməsi sərhəddə təxribatların tamamilə dayandırılacağı anlamına gəlmir. Yenə kiçik ölçülü təxribatların davam edəcəyi istisna olunmur.

 

Son kritik nazir təyinatından sonra ekspertlər düşünür ki, Ermənistanda gündəmi əvəlkitək Azərbaycan müəyyən edir. Bu amil isə yeni nazirin gözü çıxan qardaşından dərs götürəcəyinə ümid yaradır.

Müəllif | Apa.Tv
Apa.tv