Bakıya ağcaqanad əlindən girmək olmur
Son illərdə ölkəmizdə ağcaqanadlar sürətlə çoxalmaqdaqdır. Maraqlıdır ki, bir neçə il öncə ağcaqanadlar havalar isinəndə aktivləşirdilərsə, indi qışda belə bu qaniçənlərə rast gəlirik. Zaman keçdikcə ağcaqanadlara qarşı istifadə etdiyimiz dərmanlar belə təsirsiz qalır. Bəs bu həşəratların belə sürətlə artmasının səbəbni nədir? Millət vəkili Tahir Kərimli parlamentdə çıxışı zamanı bildirib ki, ilanların, ağcaqanadların, eləcə də digər həşəratların sürətlə artması dezinfeksiya işlərinin aparılmaması ilə bağlıdır. Elə həmsöhbət olduğumuz Bakı sakinləri də problemin günü gündən böyüdüyünü təsdiqləyirlər. Ağcaqanadların daha çox nəmişlik yerlərdə, gölməçələrdə, üfunət yuvasına çevrilən zirzəmilərdə yarandığını nəzərə alıb, Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Ancaq qurumdan bildirildi ki, bu cür məsələlər onların məsuliyyət dairəsində deyil. Maraqlıdır ki, digər üz tutduğumuz qurumdan - Respublika Gigiyena və Epidemalogiya Mərkəzindən də eyni cavabı aldıq. Üz tutduq Səhiyyə Nazirliyinə. Qurumdan verilən yazılı cavabda isə mövcud duruma görə az qala hər kəs günahkar çıxardıldı. Üstəlik, Respublika Gigiyena və Epidemalogiya Mərkəzinin də “bizə aidiyyəti yoxdur” yalanı üzə çıxdı: Reallıq budur ki, problem var. Hər kəs şahiddir ki, ölkəmizdə zərərli həşəratlar və ilanlar sürətlə artır. Ancaq bu problemə aidiyyəti ola biləcək qurumlardan aldığımız cavablar məsələyə nə qədər dırnaqarası yanaşdıqlarını göstərir. Bəlkə də bu balaca yaradılışıları təhlükəli saymırlar. Halbuki həkimlər tamam başqa düşüncədədirlər. İnfeksionist Hicran Xıdırova bildirir ki, ağcaqanad sancması təkcə malyariya deyil, digər xəstəliklərin yayılmasına da səbəb ola bilər. Həkimin sözlərinə görə, yüksək allergik həssaslığı olanlarda ağcaqanadın bir dəfə dişləməsi belə anaflaktik şoka qədər gətirib çıxara bilər. Bundan başqa, dəri ilə bağlı hansısa xroniki probleməri varsa, bu dişləmə həmin xəstəlikləri də aktivləşdirmək gücündədir. Həkim bildririr ki, “kiçik bir ağcaqanaddır, sadəcə bizi yatmağa qoymur” deyib keçməməliyik, onlara xəstəlik və infeksiya mənbəyi kimi baxmalıyıq. Aidiyyəti qurumların normal bir iş görməyəcəyindən əlini üzən vətəndaşlara tövsiyə olunur ki, ağcaqanadlara qarşı kimyəvi dərmanlardan uzaq durmağa, pəncərəni, qapını xırda gözlü torla bağlamağa çalışsınlar. Yoxsa bu aqressiv, paltarın üstündən də sancan ağcaqanadların əlindən canımızı çətin ki, qurtara bilək. AYNUR QARA XƏYAL İSKƏNDƏROV APA TV