Bakıya yeni ildən yeni yolla gələcəklər - CƏNUB TƏRƏFDƏN

“Ötən ay - noyabrın 25-də paytaxtın cənub girişində - Bibiheybət məscidinin yaxınlığında yol çökmüşdü. Artıq bu ərazidə təmirə hazırlıq işləri başlanıb. Xüsusi avadanlıq və texnika gətirilib. Əvvəlcə yolun köhnə istinad divarı sökülür.”

APA TV-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumatına görə, təmir zamanı və gələcəkdə analoji halların yaşanmaması üçün geoloji-kəşfiyyat işləri aparılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin dediyinə görə, işlərlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, AAYDA-ın, “AzərYolElmiTədqiqatLayihə” İnstitutunun və cəlb olunmuş əcnəbi mütəxəssislərin iştirakı ilə layihə də hazırdır: “Hadisə ərazisində yamacda 2 cərgə svay əsaslı istinad divarının inşası planlaşdırılır. Biri tam olaraq aşağıda, digəri ortalarda olacaq. 2 cərgədən ibarət 1 metr diametrində svaylar vurulacaq. Həmin svaylar üzərində istinad divarları inşa olunacaq. Hündürlük aşağı hissədə 6, yuxarı hissədə 4 metr təşkil edəcək”.

Sıradan çıxmış drenaj xətlərinin sistemi də yenidən qurulacaq ki, bu da qrunt sularının yolda göllənməsinin qarşısını alacaq: “Buna paralel olaraq ərazidə təmizləmə işləri də aparılır və biz çalışacağıq ki, “AzərYolElmiTədqiqatLayihə” İnstitutunun hazırladığı layihə əsasında yaxın müddətdə yol yatağının və yol əsasının bərpası təmin, nəqliyyatın hərəkəti bərpa olunsun. Ən azından 2 zolaqda hərəkət bərpa olunsa sıxlıq problemi aradan qalxar”.

Təmir və bərkitmə işlərinin 15-20 gün ərzində yekunlaşacağı, 2020-ci ilin əvvəlində isə planlaşdırıldığı kimi yolun 2 zolağının istifadəyə veriləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv