“Baku Elektronics”dən 5 min manatlıq noutbuk oğurlayan şəxs yaxalandı
Bakının Binəqədi rayonunda yerləşən “Baku Elektronics” mağazasından dəyəri 4599 manat olan noutbuk naməlum şəxs tərəfindən oğurlanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq edən şəxsin axtarışlarına başlanılıb.
Əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Nicat Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun Nəsimi rayonunda da oğurluq etdiyi üçün Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.
Qeyd edək ki, Nicat Qasımov ifadəsində ayrı-ayrı vaxtlarda paytaxtın müxtəlif rayonlarında yerləşən “Baku Elektronics” və “Kontakt Home” mağazalarından ümumilikdə 6 dəfə oğurluq etdiyini etiraf edib. O, oğurladığı telefon və noutbukları satdığını bildirib. Nicat Qasımovun qeyd edilən mağazalardan oğurluq etməsi həmin obyektlərin müşahidə kameraları vasitəsilə də lentə alınıb.
Nicat Qasımov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.