Balakəndə ər-arvad COVİD-19 xəstələri barədə cinayət işi açıldı
Balakəndə koronavirus infeksiyasına yoluxmuş ər və arvadın karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk etdikləri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Qullar kənd sakinləri İlqar Taralov və Ruqiyyə Taralovaya COVİD-19 virusuna yoluxduqları üçün evdə müalicə təyin edilib və sanitar-karantin rejimi qaydalarına riayət etmələri tapşırılıb. Lakin onlar qaydalara biganə yanaşaraq yaşadıqları ünvanları tərk etməklə ətrafdakıların da sağlamlığı üçün təhlükə yaradıblar.
Həmin şəxslərin rayonun Gərəkli kəndi ərazisində olduqları müəyyən olunub və həkimlərin də iştirakı ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hər iki xəstə barəsində cinayət işi başlanıb.