Balakəndə iki narkobaron yaxalandı – KÜLLİ MİQDARDA NARKOTİKLƏ

Balakəndə iki narkobaron saxlanılıb.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin kultivasiyasında və saxlamasında şübhəli bilinən, uzun illər cinayət məsuliyyətindən boyun qaçıran, rayonun Yeni Şərif kənd sakini, “Şeyx” ləqəbli Şahin Şeyxovun yaşadığı evdə və həyətyanı sahədə axtarış aparılıb. 

Bu zaman qarğıdalı əkilən ərazidə 1391 ədəd narkotik bitki hesab edilən çətənə kolları, eləcə də kustar üsulla əldə edilmiş və qurudulmaq üçün sərilmiş 1 kiloqram 540 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı məlum olub ki, Şahin Şeyxov narkotik vasitəni əvvəllər məhkum edilmiş rayonun Mahmalar kənd sakini, Xalid Novruzovla birlikdə gəlir əldə etmək üçün əkiblər.  Tədbirin davamı olaraq Xalid Novruzov Polis Şöbəsinə dəvət edilib. Onun idarə  etdiyi “Daevo Nexia” markalı avtomaşına baxış zamanı yük yerindən 790 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Xalid  Novruzovun yaşadığı evdən isə 1 kiloqram 48 qram qurudulmuş marixuana, çətənə bitkilərinin əkilib-becərilməsi üçün istifadə edilən xüsusi hazırlanmış qablar, elektron tərəzi və digər ləvazimatlar götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv