Balakəndə istixanada narkotik yetişdirən şəxslər yaxalandı
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Qazma kənd sakini, 52 yaşlı Elman Məmliyev saxlanılıb.
Onun evinə baxış zamanı həyətyanı sahədə yerləşən pomidor yetişdirmək adı ilə inşa etdiyi istixanada şitillərin dibində yetişdirdiyi, ümumi çəkisi 25 kiloqram 440 qram olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmin bitki kollarının ətrafına qurutmaq üçün sərdiyi 7 kiloqram 185 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən Balakən şəhər sakinləri, Qəhraman Bayramov və onun idarə etdiyi “Xəzər” markalı avtomobildə sərnişin qismində əyləşən Mətin Məmmədov, Elvin Borayev və Elxan Əsədov saxlanılıb.
Şəxsi axtarış zamanı əvvəlki məhkumlar – Qəhraman Bayramov və Elvin Borayevdən heroin, Mətin Məmmədovdan isə 340 qr qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.