Balakəndə polis 9 nəfəri saxladı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 9 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub və 6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, əməliyyat zamanı Tülü kənd sakini Elşən Orucov saxlanılıb və şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Saxlanılan şəxsin narkotik vasitəni rayon sakini Şahmurad Bodurovdan, Bodurovun isə Gərəkli kənd sakini Ramazan Umayevdən 100 qramını 500 manata aldığı müəyyən edilib. Onların hər ikisi saxlanılıb və şəxsi axtarış zamanı qurudulmuş marixuana, eləcə də narkotik satışından əldə etdikləri pul aşkarlanaraq maddi sübut kimi götürülüb. Umayevin nəzarətində olan, ancaq heç kimin yaşamadığı xalasının evinə baxış keçirilən zaman oradan 3 kq 635 qram marixuana aşkar edilib və qablaşdırılaraq götürülüb.
Növbəti əməliyyatlar zamanı isə rayon sakinləri, əvvəllər məhkum olunmuş Rasim Əliyev, Taleh Ömərov və Tural Ərbəşiyev saxlanılıblar. Rasim Əliyevdən 455, Taleh Ömərovdan 196 qram marixuana, Tural Ərbəşiyevdən isə “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanıb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 3 nəfər – əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkum olunmuş Saleh Bayramov, Samir Ayvazov və Səxavət Qədirov saxlanılıblar. Saleh Bayramovun Mahamalar kəndində yaşadığı ünvana baxış keçirilərkən istixanada, xəzəllərin arasında gizlətdiyi torbadakı 400 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. Digər iki nəfərin üzərinə baxış keçirilən zaman Samir Ayvazovdan heroin, Səxavət Qədirovdan isə 350 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.