Balakəndə “Vitka” ləqəbli narkobaron yaxalandı
Balakəndə “Vitka” ləqəbli narkobaron saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb.
Axtarış zamanı ondan 115 qramdan artıq qurudulmuş marixuana və 5,3 qram çətənə bitkisinin toxumları aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə Vidadi Əmralıyevin Qullar kəndi ərazisində yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan ümumi çəkisi 7 kiloqram 50 qram olan qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.