Bankdan, ödəmə terminalından və mağazalardan oğurluq edən şəxslər tutuldu

Lənkəranda ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvləri tutulub.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayonun Hirkan qəsəbəsində yerləşən bir mağazadan 800 manatlıq danışıq kartları, 150 manat dəyərində tütün məmulatları, 600 manat nağd pulun, eləcə də həmin mağazada yerləşən ödəmə terminalından 1910 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev, Zabir Hüseynzadə saxlanılıblar və törətdikləri əməli etiraf ediblər.

Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Astara rayonun ərazisindəki bir “Kapital Bank”, bir “MilliÖn” ödəmə terminalından və iki mağazadan ümumilikdə 22 min 99 manat nağd pul, 1300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib. Oğurlanmış pul və danışıq kartları onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv