Banklardakı faiz dərəcələri niyə kritik həddədir?

 

Kredit faizlərinin yüksəkliyi, insanların rahat kredit ala, alanda isə qaytara bilməməsi, son illərdə bir neçə bankın müflisləşməsi Azərbaycanda bank sisteminin işləmə prinsiplərini sorğulamağımıza səbəb olur. “Bank sistemimiz niyə dünya bank sistemiylə ayaqlaşa bilmir” sualına söhbətləşdiyimiz iqtisadçıların çox sayda cavabları oldu. İqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, əslində mövcud qanunvericilik bank sisteminin inkişafı üçün hər bir şəraiti yaradır. Banklarda müasir dövrün tələblərinə uyğun texniki xidmətlər də göstərilir. Ekspert deyir ki, bank sektoru həm sosial, həm də investisiya sahələrində iştirakçı olmalıdır. Bu sahələrdə iştirak etməməsi Azərbaycan banklarını Qərb banklarından fərqləndirir. Təbii ki, faizlərin yüksək olması da bankların inkişaf dinamikasına mənfi təsir edir. İqtisadçı deyir ki, hazırda fəaliyyət göstərən banklarda kredit faizləri kifayət qədər yüksəkdi. Bu da zamanla kapitalın geri qaytarılması riski yaradır ki, nəticə olaraq, müəyyən dövrdə yaxşı işləyən banklar birdən-birə müflisləşir, yaxud lisenziyaları alınır. Yəni iqtisadçı düşünür ki, bankların birbaşa Qərb modelinə, Qərb sisteminə çıxışları olmalıdır. Onlara investisiya mənbələrindən kapital cəlb etmək ixtiyarı verilməlidir. Digər istisadçı ekspert Elşad Məmmədov isə deyir ki, bank sektorunun əsas missiyası iqtisadiyyatı lazım olan investisiya həcmlərilə əlçatanlıq şəraitində təmin edə bilməsidir. Onun fikrincə, hazırda təklif edilən kredit faizləri kritik dərəcədə yuxarıdır. İqtisadçı “depozitlərin faizləri yüksəkdi”, “bank riskləri var” kimi arqumentləri isə əsassız hesab edir. Professor deyir ki, Azərbaycanda bank sektorunun iqtisadiyyatı pulla təmin etməsinin şahidi olmuruq. İnvestisiyaların, ölkə iqtisadiyyatına yatırılmış pulların, vəsaitlərin strukturunda bank sektorunun cüzi paya malik olması da bunun sübutudur. İqtisadçı ekspert Allahverdi Aydın isə düşünür ki, Azərbaycanda bank sektorunun inkişafına yüksək faizlərlə yanaşı, idarəetmədəki problemlər də mane olur. Milyonlarla vəsaitin zaminsiz, girovsuz şəkildə insanlara verilməsi, sonradan həmin vəsaitin geri alına bilməməsi də bankların ayaqda qalmasına mane olur. Və bu kimi problemlər Azərbaycanda 10-a yaxın bankın bağlanmasına gətirib çıxarıb. Ekspertlər düşünürlər ki, hər dəfə hansısa bank bağlananda xalq arasında bank sektoruna olan inam azalır. Bu da banklarda saxlanan vəsaitin çəkilməsinə və ya yeni məbləğlərin yatırılmamasına səbəb olur. Nəticədə yenə də bank sistemi və ölkə iqtisadiyyatı itirir. Buna görə də sözügedən sektorun inkişafı üçün ən başlıca amillərdən biri də vətəndaşların onlara olan inamı hesab edilir. Bunu təmin etməyin yolu isə idarəetməyə daim daha peşəkar insanların cəlbindən, peşəkar bazar münasibətləri və qanunvericiliyin tələblərinə uyğun addımlar atmaqdan keçir. AYNUR QARA ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv