“Baron” və “bariqa”ları daha sərt cəza gözləyir – YENİ QANUN

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir. Bu, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Təklif olunan dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə tətbiq ediləcək. İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək inzibati həbs cəzasından istifadə ediləcək.


Bəs görəsən müxtəlif növ narkotik tərkibli maddələrin gənclər arasında belə sürətli yayıldığı bir zamanda bu cür qanunun qəbulu cəmiyyətdə necə qarşılanır?


Mövzuya keçid etməmişdən öncə, ölkədə son 4 ayın statistikası ilə tanış olaq. Baş Narkotiklərlə Mübarizə İdarəsindən aldığımız məlumata görə, bu ilin ilk 4 ayında qeydə alınan narkotiklərlə bağlı açılan cinayət işləri ötən illə müqayisədə çoxdur.

BNMİ-nin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu bildirib ki, cari ilin ilk 4 ayı ərzində polis əməkdaşları tərəfindən 1683 nəfər narkotiklərin qanunsuz dövriyyəsi səbəbindən cinayət məsuliyyətinə cəlb edilib:


”Həmin şəxslərdən ümimilikdə 1.065 ton qurudulmuş narkotik maddəsi, yəni tiryək və qurudulmuş maddəsi, 120 kq metanfetamin (patı) maddəsi və 111 kq çətənək kolu aşkar olunaraq, qanunsuz dövriyyədən çıxarılmışdır”.


Deputat Vüqar İskəndərov da mövzu barədə açıqlama verərkən bildirib ki, az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilsə də, şəxsi istifadə həcmindən artıq narkotik vasitələr üçün cəzalar daha da sərtləşdirilib. Yenilənən qanunda narkotik maddələrin ölçüləri yer alacaq. Bu qanunun qəbulu narkotiklərin leqallaşdırılması demək deyil.  

“Bu qanun layihəsinin əsas məqsədi kiçik miqdara görə hər hansı bir şəxsi həbsxanaya salıb, həyatını puç etməməkdir. Çünki həbsxana həyatı yaşamış insanlar çox zaman cəmiyyətə inteqrasiya olunmaqda çətinlik çəkir. Lakin həmin şəxs təkrar maddə ilə cinayət törədərsə, məhkəmənin qərarı ilə həbs olunacaq”.


Heç kəsə sirr deyil ki, narkotik maddələr dünyada “baron”lar, yəni narkoşəbəkə başçıları və “bariqa”lar adı verilən, narkotik maddəni əlbəəl paylayan şəxslər vasitəsilə yayılır. Son illərdə isə “bariqa”ları narkokuryerlər əvəz edir. Belə ki, xaricdə internet vasitəsilə narkotiki satan “Baron” ölkəmizdəki narkokuryerə sosial şəbəkə vasitəsilə malı müəyyən yerdə qoyub uzaqlaşmasını, alıcıya isə həmin ünvandan paketi almasını tapşırır. Narkotiki alan şəxs isə həmin yerə pul qoyaraq, ərazidən uzaqlaşır. Son illərdə aktual olan bu sistem, narkokuryerlə alıcının bir-biri ilə əlaqə saxlamamasına hesablansa da, Daxili İşlər Nazirliyinin əməliyyatları nəticəsində bir çox belə şəbəkə çökdürülüb.

Yeni qanunla isə sözü gedən “Baron”, “Bariqa” və narkokuryerlər daha ağır cəza alacaqlar.

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin fikrincə, yeni qanun layihəsi daha əvvəldən qəbul edilməli idi. Çünki ümumi dəyəri bir neçə yüz manat narkotikə görə tutulan şəxsin həbsxanada yaşayışını təmin etmək üçün dövlət büdcəsindən pul ayrılır.

“Yeni qanunla artıq dövlət o şəxsi həbsxanaya salaraq, ona baxmaq məcburiyyətində qalmayacaq, əksinə həmin şəxsi cərimə etməklə həm dövlət büdcəsi qazanacaq. Eyni zamanda, digər maddələrdə cəzaların sərtləşməsi də əsas nüanslardan biridir. Çünki narkotik bəlası ictimai bir bəlaya çevrilib”.

Qeyd edək ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Semral Cavad
Qahirə İbrahimzadə
Xəyal İskəndərov
APA TV

Müəllif | Apa.Tv
Apa.tv