Bartaz yüksəkliyi necə azad olundu? - Buludlara sancılan bayraq
Zəngilan şəhəri alındıqdan sonra sərhədçilərimizin aldığı növbəti tapşırıq ən hündür və hakim yüksəkliklərin ermənilərdən təmizlənməsi oldu.
Həmin vaxt rayonun Bartaz kəndi erməni işğalından azad olsa da kəndin adını daşıdığı Bartaz və ərazidə yerləşən Şükrətaz yüksəkliyi hələ də Ermənistan silahlı birləşmələrinin nəzarətində idi. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlıları yüksəkliyi azad etmək üçün əvvəlcə düşmənin yerini, sayını və texnikasını müəyyən etdi.
Qəhrəman sərhədçilər itki verməmək üçün az sayda qruplarla dağlara dırmanmağa başlayır. 2270 metrədək yüksəkliyə qalxmaq, düşməni ram etmək və Azərbaycan bayrağını buludlardan yüksəkdə olan zirvəyə sancaraq dövlət sərhədini bərpa etmək sərhədçilərin ən vacib missiyası idi.
Bəli, Azərbaycan əsgəri verilən tapşırığın məsuliyyətini dərk edirdi. Çünki, Cəbrayıl, Füzuli, Zəngilandan geri çəkilən erməni yaraqlıları Azərbaycan-Ermənistan sərhədindəki bütün yüksəkliklərdə möhkəmlənməyə çalışmışdı. Şücaətli Azərbaycan sərhədçiləri tarix yazmaq üçün sübh tezdən hərəkətə keçdilər.
Sərhəd dirəyinə Azərbaycan bayrağını sancan qəhrəmanlarımıza Ali Baş komandandan növbəti tapşırıq gəlmişdi. Azad olunan yüksəkliklər qorunmalı, Azərbaycan bayrağı daim bu yüksəklərdə dalğalanmalı idi.
İndi buludlara sancılan Azərbaycan bayrağı dövlət sərhədlərində qürurla dalğalanır.
Biz də APA TV komandası olaraq, torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, bu sevinci xalqımıza yaşadan şəhidlərimizə allahdan rəhmət, sağlamlığını heçə sayaraq ancaq irəliyə can atan qazilərimizə can sağlığı, müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Zəngilan