Baş direktor: “Gilan Tekstil Park” maska və kombinezon ixracına başlayacaq” - REPORTAJ
Ötən gün Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsi istifadəyə verilib.
Fabrik və müəssisənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
APA TV-nin çəkiliş qrupu bu gün sözügedən obyektlərə baş çəkərək, istehsal prosesi ilə maraqlanıb. Sənaye avadanlıqları üzrə usta Samir Əliyev bildirib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunur. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir: “Yerləşdiyimiz zona tam steril zonadır. Bura üçqat steril maskaların istehsalı zonasıdır. İstehsal prosesində yüksək keyfiyyətli sertifikatlaşdırılmış xammaldan istifadə edilir və insan əməyindən minimum istifadə olunmaqla maska istehsal olunur”.
Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. Müəssisəyə xammal xaricdən gətirilir. Tam gigiyenik qaydalara əməl olunaraq tibbi maska istehsal olunur. Tibbi maska müxtəlif kateqoriyalı virus və infeksiyadan qoruyur. Bununla yanaşı, burada tibbi maska istehsalı daxili tələbat üçün nəzərdə tutulub. Daxili tələbat ödənildikdən sonra tibbi maskanın xaricə idxal edilməsi də nəzərdə tutulur.
May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.
“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir: “Əynimdə gördüyünüz kombinezon bu müəssisədə istehsal olunur. Bir kombinezonun ərsəyə gəlməsində 9 nəfər işçinin əməyi sərf olunur. Gün ərzində bu müəssisədə 6000 qoruyucu kombinezon istehsal olunur. Əsasən daxili bazar üçün nəzərdə tutulub. Daxili bazara olan tələbat ödənildikdən sonra burada istehsal olunan kombinezonlar xaricə də ixrac olunacaq”.
“Gilan Tekstil Park” MMC-nin baş direktoru Mehriban Axundovanın sözlərinə görə, istehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb: “Bizim park nəzdində fəaliyyət göstərən tikiş fabriki qısa müddət ərzində profilini dəyişdirərək bugünkü pandemiya dövründə COVID 19 mübarizəyə dəstək olmaq üçün qısa müddət ərzində birdəfəlik istifadə üçün qoruyucu kombinezonların istehsalına başladı. Bu şəraitdə biz “Depont” kimi şirkətlə müqavilə bağlayıb xammalı gətirməyə nail olmuşuq. Günlük istehsal gücümüz həmin kombinezonlar üçün 6000 ədəd təşkil edir. Bu məhsula böyük tələbat var dünyada. MDB ölkələrindən, Rusiyadan, Ukraynadan, Avropa ölkələrindən Niderlanddan, Fransadan, Almaniyadan, Latviyadan böyük tələbat olduğu üçün sifarişlər var. Əgər qısa müddət ərzində daxili tələbat qarşılanarsa, biz böyük məmnuniyyətlə ixraca başlamaq istəyirik”.
Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.
Ramil Zeynallı,
Əli Əliyev