Baş İnfeksionist: "Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur"
"Hazırda karantində 500-dək adam var. Onların hamısından yaxmalar götürülüb, koronavirus aşkarlanmayıb".
APA TV -nin xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, bu virusa yoluxanların 80 faizində xəstəlik yüngül formada keçir və onların xəstəxanada müalicə olunmasına belə ehtiyac qalmır. Yoluxanların cəmi 4-5 faizi xəstəliyi ağır keçirir.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə qeyd edib ki, fevralın 29-u saat 16:00-dan sərhəddən keçmək istəyən vətəndaşlar Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluğu vasitəsilə xüsusi dəhlizlə keçiblər. Onların hərəkət marşrutu və bütün zəruri tədbirlər planlaşdırılıb: “İrandan qayıdan 276 nəfər 14 gün ərzində karantin şəraitində saxlanılacaq. Onların hamısından laborator analiz alınıb”.
Yaqut Qarayevanın sözlərinə görə, İran-Azərbaycan sərhədinin bağlanma vaxtının uzadılması ilə bağlı hazırda cavab vermək mümkün deyil: "Müddətin dəyişilməsi vəziyyətdən asılıdır. Hazırda karantində olanlar İran-Azərbaycan sərhədini keçənlərdir və daha çox cənub zonasındandır. Ölkənin başqa regionlarından və başqa ölkələrdən gələnlərdən müraciət edənlər olur. Amma onların sayı çox azdır. Eyni zamanda paytaxt sakinləri arasında da tək-tək müraciət edənlər olur, onların hamısı yoxlanılır. Onların heç birinin analizinin cavabı müsbət çıxmayıb. Tibb personalının qorunması bizim üçün çox vacibdir və lazım olan hər şeylə təmin olunublar. Dövlət onların lazımi təminatı üçün böyük məbləğdə əlavə pul ayırıb".
Mütəxəssislər qeyd edib ki, Azərbaycanda koronavirusa yoluxan üç nəfərin hamısının vəziyyəti stabildir, ölüm halı yoxdur. Başqa məlumat olarsa, əhali məlumatlandırılacaq.
ÜST-ün nağdsız ödənişlərlə bağlı tövsiyəsi ilə bağlı Baş İnfeksionist Cəlal İsayev qeyd edib ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb, bu sıraya mobil telefon və s. də aiddir: "Eyni zamanda pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur".
Bundan başqa, regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacağı vurğulanıb. Cəlal İsayevin sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq.